Azərbaycana dost ölkə hərbi qarşıdurmaya girdi, rəqibin qırıcıları vuruldu

Vurulan təyyarələrdən birinin hind pilotu həbs olunub
Sputnik

BAKI, 27 fevral — Sputnik. Pakistan ordusu mübahisəli Kəşmir regionunda ölkənin hava məkanını pozduğu üçün Hindistanın iki hərbi qırıcısını vurub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Asif Qafur öz "Twitter" səhifəsində yazıb.

Rusiya səmasında iki qırıcı təyyarə toqquşub

"Təyyarələrdən biri Azad Kəşmir, digəri isə təmas xətti zonasında düşüb" - deyə Qafur yazıb. Onun sözlərinə görə, Hindistan Hərbi Hava Qüvvələri İslamabadın zərbələrinə cavab olaraq təmas xəttini keçib.

Vurulan təyyarələrdən birinin hind pilotu həbs olunub. Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İslamabad bununla da özünü müdafiə qabiliyyətini göstərib.

Qeyd edək ki, ötən gün səhər saatlarında Hindistanın döyüş təyyarələri Kəşmirin Pakistana məxsus hissəsindəki Balakot məntəqəsində "Cəiş e-Məhəmməd" radikal qrupunun təlim düşərgəsinə zərbə endirib. NDTV-nin verdiyi xəbərə görə, nəticədə 325 yaraqlı və 25-27 təlimçinin olduğu düşərgədə 300-dən artıq terrorçu, habelə çoxlu sayda silah-sursat məhv edilib.

Hindistanın xarici işlər katibi Vicay Qoxale adıçəkilən qrupun Hindistanın müxtəlif bölgələrində terror hücumları hazırladığına görə həmin hava əməliyyatının tamamilə zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 14-də Cəmmu və Kəşmir ştatında hərbi karvana edilən hücümü Pakistanda fəaliyyət göstərdiyi bildirilən "Cəiş e-Məhəmməd" təşkilatı üzərinə götürmüşdü. Həmin hadisə iki ölkə arasında, onsuz da, mürəkkəb olan münasibətləri daha da gərginləşdirib.

Qeyd edək ki, Pakistan müsəlman ölkəsi olaraq daim Azərbaycanla dost münasibətdə olub. İstər Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər problemlərdə İslamabad Bakıdan dəstəyini əsirgəməyib.