CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzəri çirkləndirənləri hansı cəzalar gözləyir?

Bəzi neft-qazçıxarma müəssisələrinin lay suları, eyni zamanda idarə olunmayan təsərrüfat-məişət tullantı suları Xəzəri çirkləndirən əsas mənbələrdir
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Bakıda bir çox ərazilərdə Xəzərin və sahilboyu zolağın çirklənməsi halları ilə qarşılaşırıq. Məsələn Şıx, Buzovna çimərliyində sahil zolağı kanalizasiya suları ilə yanaşı məişət tullantıları ilə də çirkləndirilir. Hövsan qəsəbəsində isə vəziyyət daha acınacaqlıdır. Çünki burada dənizə neft artıqları axıdılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qəmbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövcud problemlərin aradan qaldırılması istiqamətində Nazirlik tərəfindən tədbirlər görülür.

Azərbaycan “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqlədi

O bildirib ki, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsinə baxmayaraq, dənizin mövcud durumunu hələ də qənaətbəxş hesab etmək olmaz: “Xəzər dənizi daha çox Abşeron yarımadasından, Xaçmaz, Neftçala, Lənkəran rayonlarının inzibati ərazilərindən çirklənməyə məruz qalır. Bəzi neft-qazçıxarma müəssisələrinin lay suları, eyni zamanda idarə olunmayan təsərrüfat-məişət tullantı suları Xəzəri çirkləndirən əsas mənbələrdir".

Onun sözlərinə görə, "Suraxanı Oil Company", "Balakhanı Operating Ltd", "Bahar Enerji" əməliyyat şirkətləri, "Azgerneft" MMC müəssisələrində formalaşan lay suları ətraf əraziləri çirkləndirməklə təmizlənmədən birbaşa Xəzərə axıdılır. Bu müəssisələrin ("Bahar Enerji" istisna olmaqla) istehsalat suları Hövsan kanalı vasitəsilə Xəzərə tökülür ki, bu da qəsəbə ətrafı sahilboyu ərazilərin çirklənməsinə səbəb olur.

M.Qəmbərov qeyd edib ki, Nazirlik tərəfindən hazırda açıq Hövsan kanalının yenidən qurulması və qapalı sistemə keçirilməsi üçün layihə smeta sənədləri hazırlanıb: “Sözügedən müəssisələrə lay sularının müvafiq normalara cavab vermək şərti ilə idarə olunmasına dair göstərişlər verilib. Bu istiqamətdə müvafiq tədbirlərin görülməsi barədə müzakirələr aparılır. Lay sularının uducu quyulara vurulması üçün müəssisələrə ciddi tapşırıqlar verilib".

Xəzər Dənizinin “Boyard İstehkamı” - Tərk edilmiş qala indi necə görünür

Onun sözlərinə görə, Xəzər dənizinin ümumi çirklənmədən qorunmasının qarşısının alınması üçün Tədbirlər Planı var: “Hazırda Xəzər dənizinin sahilboyu ərazilərindən dənizə istiqamətlənmiş axarlardan mütəmadi olaraq nümunələr götürülür və təhlillər aparılır. Çirklənməyə səbəb olan fiziki və hüquqi şəxslərə məlumatlar ötürülür, xəbərdarlıqlar edilir, nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilir, inzibati qaydada qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda mütərəqqi texnologiyaların tətbiqi tövsiyə olunur və təbliğat işləri aparılır".

M.Qəmbərov, həmçinin qeyd edib ki, Xəzər sahili boyunca bir sıra istirahət mərkəzlərində təsərrüfat-məişət mənşəli tullantı suları primitiv, kustar üsulla tikilmiş "şambo"lara, oradan isə dənizə axıdılır. Son nəticədə bu axarlar vasitəsilə dəniz çirklənməyə məruz qalır.

“Belə müəssisələrin inventarlaşdırılması aparılıb və ətraf əraziləri, o cümlədən dənizi çirkləndirən həmin obyektlərə ciddi xəbərdarlıqlar edilib, növbəti çimərlik mövsümünə qədər hər bir obyektə fərdi olaraq çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi olan tapşırıqlar verilib” – deyə qeyd olunub.