BAKI, 26 fevral — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun komitə iclaslarında iştirak etmək üçün fevralın 27-də Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşəcək. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Hüquqi məsələlər və insan hüquqları Komitəsində "Çirkli pulların yuyulmasına qarşı mübarizə" mövzusunda məruzə dinləniləcək. Avropa Şurasına üzv dövlətlərdə QHT-lərin fəaliyyəti, insan hüquqları ilə bağlı alt komitənin Helsinkidə keçirilmiş iclası, Mərakeş parlamenti ilə demokratik səviyyədə əməkdaşlıq və s. barədə fikir mübadiləsi aparılacaq. Avropada insanların narkotikdən yayındırılması məqsədilə aparılan hüquqi maarifləndirməyə dair ilkin təlim keçiriləcək.
Siyasi işlər və demokratiya Komitəsinin iclasında "AŞPA-nın rolu və missiyası" məsələsi gündəmdə olacaq. "Davamlı inkişaf - 2030" proqramı çərçivəsində BMT ilə əməkdaşlığa nəzər salınacaq. Suriyadakı vəziyyət və onun qonşu dövlətlərə təsiri müzakirə olunacaq. Beynəlxalq terrorizmlə bağlı bu ilin aprelində Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan konfransla bağlı fikir mübadiləsi aparılacaq.
İclaslarda deputatımız müzakirəyə çıxarılan bu və digər məsələlərə münasibətdə Azərbaycanın mövqeyini ifadə edəcək.
Səfər martın 6-da başa çatacaq.