CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fiziki məhdudiyyətli şəxsləri, təqaüdçüləri maraqlandıran suallara aydınlıq gətirildi

"Fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinət ilə yanaşı hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilib"
Sputnik

BAKI, 26 fevral — Sputnik. "Minimum pensiya məbləği artırıldı. Bundan sonra "Əmək pensiyaları haqqında" qanunun 6-1-ci maddəsinə (Əmək pensiyasının minimum məbləği) edilən dəyişiklik aşağı təqaüd alanların pensiya məbləğlərinin artmasına səbəb oldu". İqtisadçı-alim Vüqar Bayramov "Facebook" sosial şəbəkəsindəki profilində belə şərh verib.

Fiziki məhdudiyyətli şəxsləri, təqaüdçüləri maraqlandıran suallara aydınlıq gətirildi

Sosial müavinət məbləğlərinin konkret müəyyənləşdiriyini deyən alim əlilliyə görə müavinətlərin məbləğini də açıqlayıb: "Yeni sərəncamla I qrup əlilliyə görə sosial müavinət 150 manata çatıb. Qeyd edim ki, əvvəllər bu rəqəm əlillər üçün 82, müharibə əlilləri üçün 101, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manat idi. Əlilliyə görə pensiya məbləği 160 manatdan az idi. Lakin artıq pensiya məbləğinin nə qədər olmasından asılı olmayaraq həmin məbləğ 160 manata çatdırılacaq. Bu isə o deməkdir ki, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Öz ödənişlərində artımları hesablamaq üçün vətəndaşlarımızın aldıqları vəsaitin pensiya, yoxsa müavinət olmasına diqqət yetirmələri vacibdir".

V.Bayramov əlilliyə görə əmək pensiyaları haqda da məlumat verib: "Əmək pensiyası haqqında qanuna əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə müəyyən olunur. Yəni əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan təqaüd təminatına imkan verməsi şərtilə təyin olunur. Yəni bu maddədə göstərilən sığorta stajı olduqda pensiya kapitalı təyin edilir".

Prezident aylıq müavinətləri artırdı

"Həmin qanuna əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları təyin edilir. Bu zaman xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Sosial müavinət haqqında qanuna əsasən isə əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət alır" – deyə ekspert əlavə edib.

Alim yeni sərəncamın digər üstünlüklərini də qeyd edib: "Yeni sərəncam ilə fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinət ilə yanaşı hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilib. Fiziki imkanları məhdud olan hər bir uşaq üçün ödəniləcək aylıq məbləğ 150 manat deyil, baxım xərci ilə birlikdə 200 manat olacaq. Digər məqam minimum pensiya artımları artıq martın 1-dən, sosial müavinətlər üzrə artımlar isə aprelin 1-dən hesablanacaq. Sonuncu sərəncam ilə sosial müavinətlərin artımina ildə əlavə olaraq 400 milyon manat ödəniləcək və 577 min nəfəri əhatə edəcək".