QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bir gecədə saçları ağappaq olan ananın fəryadı: "Mən 25 ildir yaşamıram"

İlqarın anası, bacıları bir gün onun ölüm və ya qalım xəbərini eşidəcəkləri günü səbirsizliklə gözləyirlər
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Qarabağ müharibəsində ölənlərlə, yaralananlarla, əsir götürülənlərlə yanaşı, xeyli sayda həmvətənimizin nə ölüsündən bir xəbər ala bildik, nə dirisindən. İtkin düşənlərdən birinin - İlqar Heybətağa oğlu Heybətovun  anası və bacıları onun acı həyat hekayəsini Sputnik Azərbaycan-a danışdı.

Bir gecədə saçları ağappaq olan ananın fəryadı: "Mən 25 ildir yaşamıram"

İlqar Heybətov 1974-cü ildə Siyəzənin Böyük Həmyə kəndində anadan olub. 1993-cü ilin avqust ayında Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

İlqarın böyük bacısı Hümbətova Gülarə həmin gün yaşananları göz yaşı  içərisində anlatdı: "İlqar orta məktəbi qurtaran il ali məktəbə qəbul ola bilmədi. Atam israrla İlqar üçün komissarlıqdan möhlət istədi ki, qardaşım yenidən hazırlaşıb imtahan versin. Qardaşım da atamla razılaşdı. Bir gün səhər dişini çəkdirmək adı ilə evdən çıxdı və 2 saat sonra evə zəng elədi, "hərbi komissarlıqdayam, əlim-qolum bağlı otura bilmərəm, əsgər gedirəm" dedi. Qardaşım Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissəyə hərbi xidmətə göndərildi. İdmanla məşğul olduğuna görə hərbi hissənin kəşfiyyat bölüyündə xidmət etməyə başladı. Sonra eşitdik ki, o, döyüş bölgəsinə -Tərtər rayonuna gedib”.

“Atamgil bayramqabağı ərzaq yığıb qardaşımın yanına getdilər. Ancaq həmin ərazidə qızğın döyüş getdiyinı görə qardaşımı tapa bilməyib geri qayıtmışdı. Bugünkü kimi yadımdadır, anam ərzaqları geri qaytardığına görə bir neçə gün atamı danışdırmadı. Deyirdi ki, "ərzaqları İlqara verə bilmədin, heç olmasa, ordakı əsgərlərə verərdin"” – deyə o kədərlə əlavə etdi.

Həmin günlər İlqarın ailəsi üçün çox çətin keçib. Onlar övladlarının bir həftəyə məzuniyyətə gələcəyini gözləsələr də, onun qara xəbərini alıblar. Şəhidin kiçik bacısı Zəminə Heybətova həmin gün baş verənləri iniltili səslə pıçıldadı: "Qardaşımın itkin düşməsindən bizdən başqa bütün kəndin xəbəri olub. Axşamüstü qonşumuz anamı görüb, "can, ay Leyla, can" deyib. Anam da məəttəl qalıb ki, qonşumuz nə üçün belə deyir. Qohum-qonşu hamı bizdən soruşurdu ki, "İlqardan nə xəbər?", anam da deyirdi ki, "bir həftəlik məzuniyyətə gələcək". Anamın xəbərsiz olduğunu bilib susurmuşlar. Ertəsi gün məktəbdə müəllimlər, uşaqlar soruşdu ki, “İlqardan nə xəbər var”?”. Mən cavab verəndə ki, 1 həftəyə gələcək, hamı mənə qəribə baxırdı. İkinci dərsdə dayım gəldi ki, “dur gedək, nənən can üstədir".

Bir gecədə saçları ağappaq olan ananın fəryadı: "Mən 25 ildir yaşamıram"

"Dayım gedib anamla bacımı da götürdü. Nənəmgilin həyətinə girəndə gördük ki, həyət adamla doludur. Babam da başıaşağı oturub .Anamla bacım içəri girdi, babam məni bərk-bərk qucaqlayıb ağladı. Həmin an içəridən qışqırıq qopdu. Tez evə qaçdım, elə bildim ki, nənəm dünyasını dəyişib. İçəri daxil olanda anamın özündən getdiyini, nənəminsə saçlarını yolduğunu gördüm. Tez qışqırdım, soruşdum ki, anama nə olub. Onda dayım dedi ki, İlqardan qara xəbər var” – deyən bacı hönkürtü ilə ağladı.

Bir qədər özünü ələ alandan sonra yenidən danışmağa başladı: “Həmin an özümdən getmişəm, ayılanda gördüm ki, atam başımı qucaqlayıb yalvarır, "qızım özünə gəl, birini itirmişəm, bəsimdir, sizə də nəsə olsa, necə dözərik". Səhəri gün dayım anamı qucaqlayıb ağlayanda anamın başından yaylıq açıldı. Hamı dəhşətə gəldi. Anamın bir gecədə saçları ağappaq olmuşdu".

Bir gecədə saçları ağappaq olan ananın fəryadı: "Mən 25 ildir yaşamıram"

Söhbətimizin bu yerində hər kəs ağladı, ardınca isə evə bir neçə dəqiqəlik dəhşətli sükut çökdü. Sonra yenidən böyük bacı danışmağa davam etdi: “Atam kənd sovetliyində çalışırdı. Bu hadisədən sonra işdən ayrılıb qardaşımı axtarmağa başladı. Bəlkə nəsə nəsə öyrənər deyə, günlərlə, aylarla evə gəlmədi. İlqarın xidmət etdiyi hərbi hissənin komandiri ilə görüşüb. Polkovnik-leytenant Eldar Ağayev İlqarın lənkəranlı döyüşçü ilə birlikdə ermənilərin pusqusuna düşdüyünü bildirib. Ermənilər bizim dildə danışaraq onları aldadıblar və İlqarı əsir götürüblər. İlqarla birlikdə olan əsgər hərbi hissəyə qayıdaraq komandirlərinə bu barədə xəbər verib".

"Atam həmkəndlisi, əslən Gürcüstanın  Marneuli rayonundan olan Abdulla İsayevdən erməni kəndinə gedərək İlqardan bir xəbər gətirməsini xahiş edib. A.İsayev  atama həmin kəndə bir neçə dəfə getdiyini və ermənilərdən öyrəndiyi məlumata görə, İlqarın Ermənistanın Masis rayonunda əsir kimi saxlandığını deyib. Onunla xidmətdə olan başqa bir əsgər yoldaşı isə bizə İlqarın həlak olduğunu söylədi. Bu xəbəri eşidən kimi babamın ürəyi dayandı, dünyasını dəyişdi" – deyən bacının boğazında qəhər düyünləndi.

İlqarın ölüm və itkin xəbərinin gəlməsinə baxmayaraq, Heybətovlar ailəsinin gözü hələ də yoldadır. İlqarın anası Umleyla xanım İlqarla əsgərlikdə olan, onu tanıyan komandir və əsgər yoldaşlarının oğlundan bir xəbər verəcəkləri günün xəyalı ilə yaşadığını bildirdi.

“25 ildir mən yaşamıram. Hər gün oğlumun gələcəyi günü gözləyirəm. Qızlarım ailəli olduğundan rayonda, oğlum isə Moskva şəhərində yaşayır. Evdə tək qalsam da, tək deyiləm, hər gün xəyallarımda, yuxularımda İlqarımla danışıram. Ölüm haqdır, amma itkin düşmək  dəhşətlidir. Bir anaya 25 il gözü qapıda qalmaq, oğlunun sağ olub-olmadığını dayanmadan fikirləşmək və sağdırsa, düşmənin əlində hansı əzablara dözdüyünü düşünmək qədər ağır cəza ola bilməz” – dərdli ana söylədi.

Bir gecədə saçları ağappaq olan ananın fəryadı: "Mən 25 ildir yaşamıram"

Ailə üzvləri deyir ki, ötən 25 ildə bu evdə bircə dəfə də olsun, bayram süfrəsi açılmayıb: “İlk illərdə qohum-əqrəba bayramlarda qorxudan içəri girə bilmirdi. Çünki demişdim ki, kim qapıya bayram təbrikinə gəlsə, qovulacaq. Gecə şirniyyat dolu torbanı qapıdan asıb gedirdilər. Səhərsə mən o şirniyyatları itlərə tökürdüm. Nəvələrim dünyaya gələndən sonra bir qədər yumşaldım, amma içimdəki dərd məni yeyib bitirdi”.

İlqarın bacıları hələ də toylarda əllərinə xına qoymurlar. Tez-tez analarının başına toplaşır, ağlaşır, bir gün onun haqqında ölüm və ya qalım xəbərini eşidəcəkləri günü gözləyirlər: “İlqarla xidmət edən əsgər və komandir heyətindən xahiş edirəm ki, İlqarımla bağlı düzgün xəbəri olan varsa, bizə bildirsin. Gözüm yolda ölmək istəmirəm".

Qeyd edək ki, İlqar Heybətova 1999-cu ildə şəhidlik statusu verilib.