CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqtisadçı təklif verdi: “Qiymətlərin optimallaşmasına ehtiyac var”

“Qiymət artımlarının səbəbləri nədir və bu nə zamanadək davam edəcək?”
Sputnik

BAKI, 25 fevral — Sputnik. "Ötən ayın ikinci yarısından müşahidə edilən qiymət artımları son günlər daha da intensivləşib. Apardığımız monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Qiymət artımları idxal edilən məhsullar ilə yanaşı yerli mallarda da qeydə alınmaqdadır. Bəs qiymət artımlarının səbəbləri nədir və bu nə zamanadək davam edəcək?"

İqtisadçı təklif verdi: “Qiymətlərin optimallaşmasına ehtiyac var”

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov "Facebook"da paylaşdığı statusunda qeyd edib.

V.Bayramov qeyd edib ki, aparılan təhlillər Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və uçotunun aparılması ilə ticarət obyektlərinin xərcinin artmasına səbəb olduğunu göstərir: "Əvvəl dövriyyədən cəmi 6 faiz vergi ödəyən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub. İkincisi, ölkəyə idxal edilən bir sıra məhsullara o cümlədən tütün məhsullarına, alkoqollu içkilərə və avtomobillərə daha yüksək aksiz vergisinin tətbiq edilməsi istehlak bazarında qiymət artımlarına səbəb oldu".

"Öncədə qeyd etdiyimiz kimi, idxal edilən məhsullara tətbiq edilən aksiz vergilərinin mütəmadi yüksəldilməsi arzuolunan deyil və bu qiymət artımlarına səbəb olur. Digər tərəfdən, təəssüf ki, son minimum əmək haqqı və pensiya artımları ilə bağlı qərarlardan bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək qiymət artımlarına gediblər" – deyə alim əlavə edib.

V.Bayramovun sözlərinə görə, bu baxımdan, İqtisadi Nazirliyi tərəfindən istehlak bazarında monitorinqlərin aparılması daha məqsədəuyğun olardı: "Həmçinin, artıq sadələşdirilmiş vergi subyekti olmayan ticarət fəaliyyəti həyata keçirilən sahibkarlıq subyektləri üçün də yeni güzəştlərin tətbiq edilməsin ehtiyac var. Əks halda uçot sistemi onların xərclərinin artmasına səbəb olur ki, bu da qiymət artımları deməkdir".

"Gələn ay Novruz bayramını qeyd edəcəyimizi nəzərə aldıqda ərzaq məhsullarının qiymətinin azaldılması üçün hökumət tərəfindən bazar iqtisadiyyatı qaydaları çərçivəsində qiymətlərinə optimallaşdırılmasına çalışması çox vacibdir. Hökumət ticarət ilə məşğul olanların xərclərinin azaldılmasına çalışmaqla qiymət artımlarının qarşısını almağa çalışmalıdır" - deyə alim əlavə edib.