QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Pakistanın Azərbaycana Qarabağla bağlı verdiyi dəstək davam edəcək

Səfir dünyanın bir sıra dövlətlərinin artıq Xocalı Soyqırımını tanıdığını və bu prosesin davam etdiyini bildirib
Sputnik

BAKI, 25 fevral — Sputnik. Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş seminar Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi və Pakistanın Milli Elmlər və Texnologiya Universiteti (NUST) ilə birgə İslamabad şəhərində təşkil edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. 

Pakistanın əyalətlərarası koordinasiya üzrə federal naziri, Pakistan Milli Assambleyasının sabiq sədri xanım Fehmida Mirzənin ali qonaq kimi təşrif buyurduğu "Münaqişələr, soyqırımlar, müharibələr – Bir daha olmasın. Etimadla Sülh və Sabitlik" mövzusundakı seminarda Milli Elmlər və Texnologiya Universitetinin rektoru, ehtiyyatda olan general-leytenant Navid Zaman, Pakistan XİN-nin nəzdində olan İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin sədri, sabiq səfir Xalid Mahmud, bir sıra ölkələrin səfirləri, yüksək rütbəli diplomatları, media mənsubları, gənclər və universitet tələbələri, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Pakistanın Azərbaycana Qarabağla bağlı verdiyi dəstək davam edəcək

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Milli Elmlər və Texnologiya Universitetin rektoru Navid Zaman seminarı giriş sözü ilə açaraq, soyuq müharibənin bitməsi ilə dünyada sülhün bərqərar olacağına dair ümidlərin özünü doğrultmadığını, dünyanın müxtəlif yerlərində cəzasızlıqla müşayiət olunan müharibələrin və soyqırımların baş verdiyini, bunlardan birinin də Ermənistan tərəfindən Xocalıda törədildiyini bildirib. O, dünya ictimaiyyətinin, xüsusilə də region ölkələrinin soyqırım və bənzər cinayətlərə qarşı öz səsini yüksəltməsinin vacibliyini vurğulayıb.

Azərbaycana məxsus Dağlıq Qarabağda Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin önəmli təzahürlərindən birinin ermənilərin Xocalıda törətdiyi soyqırım olduğunu ifadə edən İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Xalid Mahmud BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz tərk etməsini tələb etdiyini, lakin Ermənistanın buna məhəl qoymadığını diqqətə çatdırıb. O, beynəlxalq hüququn müəyyən etdiyi tərifə əsasən, heç bir fərqləndirmə aparılmadan Ermənistanın Xocalıda Azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsinin soyqırım olduğunu, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında "Böyük Ermənistan" xəyalları ilə ermənilərin həyata keçirdiyi soyqırım siyasətinin şahidi olduğunu qeyd edib. Direktor, həmçinin Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəklədiyini, Pakistan Milli Assambleyası və Senatının xarici işlər üzrə komitələrinin Xocalıda Ermənistanın soyqırım törətdiyini tanıyan və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən qətnamələr qəbul etdiyini iştirakçıların nəzərinə çatdırıb.

Dağlıq Qarabağ məsələsində Türkiyənin də qardaş ölkə Azərbaycanı tamamilə dəstəklədiyini, Ermənistanın Xocalıda törətdiyi kütləvi qırğını sərt şəkildə qınadığını bildirən Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycanın ərazi bötüvlüyünün bərpasını, Xocalıda və dünyanın digər bölgələrində türk və müsəlmanlara qarşı həyata keçirilən cinayətləri edənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb etdikərini vurğulayıb. Səfir Türkiyədə də Xocalını anma mərasiməri keçirildiyini, insanların bu hadisələri unutmasının problemləri həll etməyəcəyini, ona görə də xüsusilə ölkələrimizin gənc nəslinin bu məsələlərdə həmrəylik və məsuliyyət nümayiş etdirməli olduğunu ifadə edib.

Tədbirin ali qonağı, Pakistanın əyalətlərarası koordinasiya naziri Fehmida Mirzə Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində hər zaman Azərbaycanı müdafiə etdiyini, Ermənistanı bir dövlət kimi tanımadığını, Ermənistanın Xocalıda törətdiyi soyqırımı qınadığını qeyd edərək, Azərbaycan, Pakistan və Türkiyənin eyni dəyərləri və regionda sülh və sabitliyin bərqərar olunması ilə bağlı eyni hədəfləri bölüşdüyünü vurğulayıb. Nazir çıxışını "Hər kəs bir daha əmin olsun ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana verdiyi dəstək davam edəcək" deyə bitirib.

Pakistanın Azərbaycana Qarabağla bağlı verdiyi dəstək davam edəcək

Dağlıq Qarabağ münaqişəsinin və erməni iddialarının mənşəyi barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə "Gülüstan" və "Türkmənçay" müqavilələri nəticəsində ermənilərin kütləvi şəkildə qədim Azərbaycan ərazilərinə köçürülməsindən sonra ermənilərin təcavüzkar niyyətlərinin ortaya çıxdığını, Azərbaycanlıların onlara göstərdiyi humanizmin əvəzində ermənilərin şovinizmə yuvarlanaraq Azərbaycan, İran və Türkiyədə türk və müsəlmanlara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini qeyd edib. Özlərinin törətdiyi cinayəti bilən ermənilərin arxivləri açaraq həqiqətləri ortaya çıxarma təklifindən boyun qaçırdığını deyən səfir 1918-ci ildə Bakıda Azərbaycanlılara qarşı soyqırımı reallaşdıran erməni liderlərdən S.Şaumyanın Azərbaycanlıların qırğınının etnik xarakterini etiraf edərək buna haqq qazandırdığını, 1992-ci ilin fevral ayında Xocalı Soyqırımını həyata keçirən, daha sonra Ermənistanın prezidenti olmuş S.Sarkisyanın "Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq"-sözləri ilə əsas məqsədlərinin Azərbaycanlı əhalini soyqırıma məruz qoymaq olduğunu ifşa etdiyini diqqətə çatdırıb.

Səfir dünyanın bir sıra dövlətlərinin artıq Xocalı Soyqırımını tanıdığını və bu prosesin davam etdiyini bildirib, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsi tərəfindən Xocalı Soyqırımının tanınmasına və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınamasına, habelə İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupununun fəal üzvü olduğuna görə Pakistan xalqına və dövlərinə minnətdarlığını ifadə edib. Səfir, yekunda dünya ictimaiyyətini Ermənistanın təcavüzkarlıq və soyqırım siyasətini qınamağa, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal boşaltmağa, soyqırım səbəbkarlarının məsuliiyətə cəlb olunmasına və cəzalandırılmasına səyləri artırmağa çağırıb.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş Xocalı Soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən fotostendlər, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar seminarın təşkil olunduğu zalın foyesində sərgilənib.