Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 23 fevral - Sputnik. “Səssizliyin səsi ol - Gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin təlimi bu dəfə Lənkəran Dövlət Universitetində baş tutub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən layihə Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən maliyyələşdirilib.
LDU-da baş tutan təlimdə ilk olaraq universitetin prorektoru Kamran Kazımov açılış nitqi ilə çıxış edib. O, təlimdə iştirak edən unversitet tələbələrini layihə haqqında məlumatlandırıb. Ardınca Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə Dəstək İctimai birliyinin sədri Səbinə Kərimova, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova çıxış ediblər. Daha sonra isə işarət dili üzrə təmilçi Aytac Qədirova təlim iştirakçılarına nitq məhdudiyyətli şəxslərlə cəmiyyətdə necə ünsiyyət qurulması haqqında təlim keçib. Tələbələrə işarət dili haqqında məlumat verildikdən sonra tələbələrlə bir yerdə videoçarx izlənilib.