QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Brüsseldə ümumavropa Qarabağ mitinqi olub

Aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar
Sputnik

BAKI, 23 fevral - Sputnik. Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında ümumavropa Qarabağ mitinqi keçirilib. Bu barədə Sputnik Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

Onlar 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb ediblər. Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunub.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılıb.