BAKI, 22 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində 30 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus qəza törədib. Məşədi Əzizbəyov və Nizami küçələrinin kəsişməsində baş vermiş qəzada atobus əvvəlcə "Toyota Prado" markalı avtomobilə, sonra idarəetməni itirərək binaya çırpılıb.
"Report"un məlumatına görə, baş vermiş yol qəzasında yaralananların sayı 42-yə çatıb. Yarlananların şəxsiyyəti müəyyənləşdirilib. Qəzaya uğrayan avtobusun sürücüsünün isə Ceyhun Əhmədov olduğu bildirilir.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə qeyd olunur ki, ötən gün qəza nəticəsində xəstəxanaya 31 nəfər yerləşdirilib. Onlardan 12-si evə buraxılıb. 19 nəfərdən 6-sı reanimasiyaya, 9-u isə travmatologiyaya yerləşdirilib. Yaralılardan 4-ü neyrocərrahiyyə şöbəsindədir.
"Ümumilikdə isə yaralıların vəziyyətini orta ağır və yüngül kimi qiymətləndirmək olar" - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Nəriman İmanov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xəstəxanada yaralılara baş çəkib.
Sosial şəbəkələrdə qəzanın baş verdiyi anın video görüntüləri yayılıb.