CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir körpə ölüb, digərinin vəziyyəti ağırdır – Bakıdakı dəhşətli partlayışın detalları

Ailənin 2012-ci il təvəllüdlü qız övladının bədəninin 50-55 faizi yanıb
Sputnik

BAKI, 21 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında evdə odun sobası partlayıb. Nəticədə bir ailənin 4 üzvi yanıq xəsarəti diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yatırılıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı və həyat yoldaşı 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu əl və ayaq nahiyələrində yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Ailənin 2017-ci il təvəllüdlü oğlan övladlarının bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub. 2 yaşlı körpənin tənəffüs yolları yanıb.

"Körpə xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Bu səbəbdən o ötən gün saat 11:20 radələrində dünyasını dəyişib. Ailənin 2012-ci il təvəllüdlü qız övladının bədəninin 50-55 faizi yanıb. Ona 3A və 3B dərəcəli yanıq diaqnozu qoyulub. Onun vəziyyəti ağır stabildir" – deyə nazirlikdən verilən məlumatda bildirilib.