CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reklam vaxtı bitdi, reklam davam edir

ADRA: Bakı şəhərində açıq məkanda olan reklamlara nəzarət etmək üçün hər bir zona üzrə əməkdaşlar təhkim olunub
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Bəzən küçələrdə, açıq hava reklamlarının vaxtı keçmiş olsa da, yenilənmir, dəyişdirilmir. Məsələn, hansısa məşhurun ölkəyə gəlmə xəbəri, o gedəndən sonra belə, reklam edilir. Bu kimi reklamlara paytaxtın çox yerində rast gəlmək olar. Belə reklamlar bəzən aylarla yığışdırılmır.

Zəhlətökən reklamlardan bezənlər üçün xoş xəbər

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri Sputnik Azərbaycan-a açıqlamasında bunun səbəblərinə aydınlıq gətirib. Deyib ki, sahibkarın reklam verməkdə məqsədi istehlakçının diqqətini onun fəaliyyətinə, istehsal etdiyi mala, gördüyü işə və ya xidmətə cəlb etməkdir.

"Əgər sahibkar açıq məkanda reklam yerləşdirmək sahəsindəki bütün lazımi prosedurları icra edirsə, həmin reklam yerində vaxtı keçmiş reklamın yayımının olması onun iqtisadi maraqlarına ziddir. Bu məsələlərdə bazar özü-özünü tənzimləyir. İcazə alındığı müddətdə sahibkarın həmin reklamın eskizini bir neçə dəfə dəyişmək səlahiyyəti var" - müsahibimz bildirib.

ADRA rəsmisi qeyd edib ki, Bakı şəhərində açıq məkanda olan reklamlara nəzarət etmək üçün hər bir zona üzrə əməkdaşlar təhkim olunub: "Bu və ya digər hallarla rastlaşmamaq üçün müfəttişlər mütəmadi olaraq monitorinqlər aparırlar".

H.Azərinin sözlərinə görə, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumu və yayım haqqı Prezident İlham Əliyevin 19 dekabr 2017-ci il tarixli Fərmanına əsasən tənzimlənir: "Ümumilikdə reklamların qiyməti onların effektivlik dərəcələrinə görə müəyyənləşir. Qiymətlər tənzimlənərkən onun ölçüsü, yerləşmə yeri, nəqliyyatın intensivliyi, küçə və meydanların sıxlığı və digər amillərdən əlavə, reklam daşıyıcısının növü – yəni bilbord, rolap, prizmatron və ya başqa biri olması da nəzərə alınır. Paytaxtdan bölgələrə doğru istiqamətləndikcə, istehlakçıların sayı azaldıqca tətbiq olunan rüsumların məbləği də differensial əsasda hesablanır".

Promo, reklam, hədiyyələr, poliqrafiya: Bakıda ilk tematik sərgi

Hüquqşünas Fərid Həmidli isə Sputnik Azərbaycan-a şərhində deyib ki, Beynəlxalq Ticarət Palatasının reklamla bağlı qaydalar toplusunda (ICC Code) yayımlanan reklamların qanuni, layiqli, vicdanlı və həqiqəti əks etdirməsi əsas prinsip olaraq qeyd olunur. Reklam özündə iqtisadi, sosial, mədəni və digər dəyərləri də əks etdirir.

Hüquqşünasın sözlərinə görə, açıq məkanda reklam qlobal olaraq ümumi reklam bazarının az hissəsini əhatə etsə də, inkişaf sürətinə görə qabaqcıl hesab olunur: "Təcrübə göstərir ki, açıq məkandakı reklamın hazırlanması və yayımı üçün sərf olunan sərmayə özünü bir neçə dəfə doğruldur. Bu reklam növünə konkret məhsul və xidmətlərin təşviqi ilə yanaşı obyektin və şirkətin adı, fəaliyyət istiqamətləri, korporativ elementlər də aid olunur".

"Qanunvericiliyə əsasən, yerləşdirilən reklam yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, yaşayış binasında yerləşdirilən reklam isə onun təhlükəsiz istismarına mane olmamalıdır. Tarix və mədəniyyət abidələrinin ərazisi və üzərində reklam daşıyıcısı rəsmi icazə əsasında həmin binanın dayanıqlılığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər" – deyə o, əlavə edib.

F.Həmidli bildirib ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) üçün icazə alınmır. Həmçinin, ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar da bu qəbildəndir. Dövlət orqanlarına aid olan lövhələr və Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri də reklam daşıyıcıları və ya yerləşdirilməsinə icazə alınması tələb olunanlar reklam hesab edilmir".