Parlamentin səlahiyyət çərçivəsi daraldı

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq üçüncü (son) oxunuşda qəbul edilib
Sputnik

BAKI, 19 fevral - Sputnik. Milli Məclisin və iki komitənin səlahiyyətlərinə dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Milli Məclisin komitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Milli Məclis toplaşıb, önəmli qərar gözlənilir

Dəyişikliyə əsasən, Milli Məclisin həll etdiyi məsələlərdən Auditorlar Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatası sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulub.

Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. Bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur.

Eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunur.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq üçüncü (son) oxunuşda qəbul edilib.