CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fazil Mustafa: “Hansısa əllər işlərin genişləndirilməsinə mane olur”

"Dövlət başçısına mənfi hallarla bağlı informasiyaları çatdırmaq üçün mexanizm hazırlanmalıdır”
Sputnik

BAKI, 19 fevral-Sputnik. “Dövlət başçısının minimum əmək haqqının qaldırılması, eləcə digər sosial yönümlü addımları cəmiyyətdə müsbət əhval-ruhiyyə yaradır, müsbət qarşılanır və bu işləri təbliğ etməliyik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O, bildirib ki, görülən işlərlə yanaşı, sanki hansısa əllər bu işlərin genişləndirilməsinə mane olur: “Dövlətdən asılı insanların sayının çox olması yaxşı hal deyil. Qeyri-neft sektoru elə inkişaf etməlidir ki, dövlətin yükü azalsın. Bu gün vətəndaşların alıcılıq qabiliyyəti çox aşağıdır. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir”.

F.Mustafa vurğulayıb ki, Azərbaycanda Rəqabət Məcəlləsi təcili qəbul edilməlidir: “Problemlərdən biri haqsız rəqabət, inhisarçılıqla bağlıdır. Bunu aradan qaldırmaq lazımdır ki, təşəbbüskar insanlar pul qazana bilsinlər. Hazırda tikinti sektorunda vəziyyət də ürəkaçan deyil. Tikinti ilə bağlı ləngimələr insanların kirayədə qalma vaxtını bir az da uzadır. Dövlət başçısına mənfi hallarla bağlı informasiyaları çatdırmaq üçün mexanizm hazırlanmalıdır”.