"Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsinin açılış mərasimi keçirilir

18-21 fevral tarixini əhatə edəcək layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 50 gənc iştirak edəcək
Sputnik

BAKI, 18 fevral-Sputnik. Milli Məclis və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsinin açılış mərasimi keçirilir. 

Sputnik Azərbaycan xəbər verir ki, parlamentdə keçirilən mərasimdə “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verib, layihənin məqsədindən danışıb.

O bildirib ki, "Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsində məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsinə töhfə vermək, siyasi biliklərinin və natiqliq qabiliyyətinin hərtərəfli inkişafını dəstəkləmək, vətəndaş mövqeyini konstruktiv ifadə etməsini stimullaşdırmaqdır. Milli Məclisin nümunəsi əsasında təşkil olunacaq layihənin iştirakçıları müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi təhlil bacarıqlarını göstərmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, 18-21 fevral tarixini əhatə edəcək layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 50 gənc iştirak edəcək.