Ekspert azərbaycandilli "Vikipediya"nın vəziyyətini şərh edir

AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk deyir ki, üç-dörd il öncə Vikipediyanın Azərbaycan sektorunda durğunluq var idi
Sputnik

“Bu gün azərbaycandilli Vikipediyada böyük işlər görülür”. Bunu Sputnik Azərbaycan-a ölkəmizdə Vikipediyya sahəsindəki vəziyyət və görülən işlər haqqında danışarkən “Vikipediya”nın milli versiyasının koordinatoru, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk deyib.

Elnur Eltürk bildirib ki, komandamız bütün potensialı ilə ölkəmizdə Vikipediyanın inkişafına çalışır: “AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediyanın şərtləri və prinsipləri, həmçinin məqalə yaradılması ilə bağlı  təlimlər keçilir. Bu gün yüzlərlə könüllümüz Vikipediyada fəaliyyət göstərir və məqalələr yaradırlar. Üç-dörd il öncə Vikipediyanın Azərbaycan sektorunda durğunluq var idi. Hazırda isə  gündəlik olaraq 50-60 məqalə yaradılır. İstənilən şəxs Vikipediyada məqalə yarada bilər. Burada əsas şərt məqalənin ensiklopedik olmasıdır. Əgər məqalə şərtlərə cavab vermirsə, müzakirəyə çıxarılır və səsvermə yolu ilə silinir. Onu da deyim ki, azərbaycandilli Vikipediyada 140 min məqalə var və onların hamısına nəzarət etmək çox çətindir. Bu gün ölkəmizdə Vikipediyaya nəzarət edən hansısa dövlət qurumu da yoxdur. Belə bir qurumun olması da Azərbaycandan Vikipediyaya girişin məhdudlaşdırılmasına səbəb ola bilər”.

Qeyd edək ki, AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) üçüncü ildir “Vikipediya” ilə bağlı təlimlər davam edir. “Vikipediya” Metodik Mərkəzi tərəfindən təşkil edilən təlimlərdə könüllülərdən ibarət 40-dan çox qrup ödənişsiz iştirak edib, bu sahədə maarifləndirilib.

Elnur Eltürkün geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz