BAKI, 17 fevral — Sputnik. Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib. Türkiyəli professor Əhməd Ərnaz qədərindən artıq qəbul edildikdə onların səhhətdə müəyyən fəsadlar yarada biləcəyini söyləyib.
Həkim Əhməd Ərnazın sözlərinə görə, dərmandan asılı olan xəstələr sarıkökü qədərindən artıq qəbul etdikdə bu zaman qan təzyiqinin kifayət qədər aşağı düşməsi müşahidə edilə bilər. Bundan başqa, zəncəfil və sarıkökün şəkər xəstələri üçün də müəyyən risk yarada biləcəyi bildirilib.
"Zəncəfil və sarıkök qanda sululuğu artırdığı üçün qanamanın kəsilməsinə mane olur. Buna görə xüsusən də əməliyyatdan bir həftə öncə zəncəfil və sarıkökdən imtina etmək lazımdır" – deyə həkim əlavə edib.