CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxın su və kanalizasiya problemi düzəlir

Rayon İcra Hakimiyyətində layihə təqdimatı mərasimi keçirilib
Sputnik

BAKI, 16 fevral — Sputnik. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti daha bir şəhərdə yeni su və kanalizasiya layihəsinin icrasına başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, yaxın vaxtlarda Qazax şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması üzrə tikinti işlərinə start veriləcək. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində layihənin təqdimat mərasimi keçirilib. Rayon ictimaiyyətinin, “Azərsu” ASC-nin,  məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirak etdiyi təqdimatda layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Qazaxın su və kanalizasiya problemi düzəlir

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bölgələrin inkişafını təmin edən uğurlu islahatlardan, dövlət proqramlarından danışıb. Cəbhə bölgəsində yerləşən Qazax rayonunda su və kanalizasiya layihəsinin icrasına başlanmasını əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək qiymət kimi dəyərləndirib.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev  şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin  içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Qazaxda icra olunacaq  yeni layihə bu sahədə görülən işlərin davamıdır.

Qazaxın su və kanalizasiya problemi düzəlir

Layihə və podrat təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Sonra Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin təqdimatı olub. Təqdimatda bildirilib ki, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.

Qazaxın su və kanalizasiya problemi düzəlir

Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və  4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə şəhərdə 5870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə Qazax şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən və Astara şəhərlərini də əhatə edir. İndiyədək Tərtər, Gədəbəy  və Daşkəsən şəhərlərində içməli su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi başa çatıb.