SƏHİYYƏ

Siqaret çəkənlərin övladlarında ciddi asılılıq yaranır

Siqaret çəkən valideynlər və övladlarında ağciyər xəstəlikləri daha çox müşahidə edilir
Sputnik

BAKI, 15 fevral — Sputnik. Türkiyəli mütəxəssislər siqaret çəkməyənlərlə müqayisədə siqaret çəkənlərin övladlarında bu zərərli vərdişə asılılıq riskinin daha çox olduğunu açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəssislər bildirib ki, belə valideynlərin övladlarının siqaretdən asılı olmaq riski 50 faizə bərabərdir.

Siqaretin erkən ölümlərə səbəb olduğunu deyən mütəxəssislər apardıqları araşdırma ilə sübut ediblər ki, asılılığı olan xəstələrin əksəriyyəti məhz uşaqlıq və yeniyetməlik dönəmində bu zərərli vərdişə aludə olub. Bu səbəbdən də valideynlərin siqaretdən imtina etməsi, yaxud da övladlarının yanında çəkməməsi tövsiyə olunur. Aparılan araşdırmalar da sübut edib ki, belə valideynlər və övladlarında ağciyər xəstəlikləri daha çox müşahidə edilib.

Qeyd edək ki, Türkiyədə hər 5 atadan ikisi və hər 5 anadan biri siqaret çəkir. Ümumilikdə isə ölkədə siqaret çəkmə faizi 31.6 təşkil edir.