CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə 30 milyon manat ayrıldı

İki rayonun qış otlaqlarında meliorasiya işləri üçün 30 milyon manat ayrılıb
Sputnik

BAKI, 15 fevral - Sputnik. Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işləri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azırbaycan-ın xəbərinə görə, sərəncamda deyilir ki, son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə, aqrar sektorun inkişafına, ən mütərəqqi standartlar səviyyəsində aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaradıb. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təminatında xarici bazardan asılılığın azaldılmasına, ixracyönümlü məhsulların istehsal həcminin artırılmasına və bununla da regionların davamlı inkişafına nail olunub.

Görülən işlərin davamı olaraq, Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında meliorativ tədbirlər layihəsi çərçivəsində son iki il ərzində az məhsuldar qış otlaqlarında aparılmış meliorasiya işləri nəticəsində 15950 hektar, o cümlədən Sabirabad rayonunda 14319 hektar və Biləsuvar rayonunda 1631 hektar əraziyə suvarma suyu çatdırılıb.

Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.