HADİSƏ

Yanacaqdoldurma məntəqəsindəki bankomatı soymaq istədilər

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir
Sputnik

BAKI, 14 fevral — Sputnik. Abşeron Rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.