Okeanın o tayında sensasion plan

Müxalifət 24 saata Maduronu devirməyi planlaşdırıb
Sputnik

BAKI, 14 fevral — Sputnik. Müxalifət Birləşmiş Ştatların dəstəyini əldə etdikdən sonra dərhal Nikolas Maduronu devirməyi planlaşdırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri yüksək rütbəli amerikalı məmura istinadən xəbər verir.

Nəşrin mənbəsi iddia edir ki, "Karakasdan olan insanlar" Vaşinqtona planı təqdim edərək söz veriblər ki, hərbçilər Xuan Quaydonun xaricdən dəstək alacağı təqdirdə, dərhal onun tərəfinə keçəcəklər və fəaliyyətə başlayacaqlar: "Onlar düşünürlər ki, bu, 24 saatlıq əməliyyat olacaq".

"Wall Street Journal" daha əvvəl məlumat yayıb ki, özünü Venesuelanın müvəqqəti prezidenti elan etməzdən əvvəl gecə Quaydo Birləşmiş Ştatların vitse-prezidenti Mayk Penslə telefonla danışıb. Pens Maduro ilə mübarizədə ona dəstək göstəriləcəyinə dair söz verib: "Sonuncu zəng prosesi işə salıb".

Maduro təklənir – Çin Venesuela müxalifəti ilə danışıqlara başladı

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-da Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə, Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Nikolas Maduro kiminsə maraqlarını qoruya bilmək iqtidarında deyil.