İQTİSADİYYAT

Nazir vergi sistemində yeni hədəfləri açıqlayıb

Mikayıl Cabbarov: "Orta və kiçik sahibkarlıq subyektləri ilə iş prinsiplərinn təkmilləşdirilməsi vacibdir"
Sputnik

BAKI, 14 fevral — Sputnik. "Vergi sistemində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan daha geniş istifadə olunması, vergi qanunvericiliyinin tətbiqi sahəsində vergi nəzarətinin və auditin keyfiyyətinin yüksəldilməsi, habelə vergi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet istiqamətlər olacaq".

Azərbaycanlı bloggerlər üsyan etdilər – Vergi ödəmək istəmirik

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov 2018-ci ilin yekunlarına dair keçirilmiş kollegiya iclasında açıqlama verib. O qeyd edib ki, orta və kiçik sahibkarlıq subyektləri ilə iş prinsiplərinin təkmilləşdirilməsi vacibdir.

"Vergi siyasətinin əsas vəzifələrindən biri hər bir kateqoriyadan olan vergi ödəyicilərinə fərdi yanaşmalar formalaşdırmaqdır. İri vergi ödəyiciləri ilə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə, elektron auditin tətbiqi siyasətinə üstünlük verilməsinə, orta sahibkarlıq subyektlərinə münasibətdə "kölgə iqtisadiyyatı"nın elemetlərinin aradan qaldırılmasına, kiçik sahibkarlara münasibətdə isə dürüst və şəffaf vergi uçotunun formalaşdırılmasının təmin olunmasına, sahibkarlıq subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə, xidmət sektorunun genişləndirilməsi və maarifləndirmənin aparılmasına üstünlük verilməlidir" - deyə nazir bildirib.

Onun sözlərinə görə, kiçik sahibkarlar arasında könüllü əməletmə səviyyəsini yüksəltmək məqsədilə onların təqdim etdiyi hesabatlılıq sisteminin sadələşdirilməsinə ehtiyac var.