BAKI, 14 fevral — Sputnik. Meksikanın Kolima ştatında 70 nəfərin basdırıldığı məzarlıq aşkar edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onlar arasında ən azı 5 il əvvəl basdırılan cəsədlər də var.
Məlumata görə, əvvəlcə 19 nəfərin qalıqlarının aşkar edildiyi bildirilib. Daha sonra yaxınlıqda basdırılmış 50 nəfərin də qalıqları tapılıb. Tekoman bələdiyyəsinin prokurorluğunun məlumatına görə, indiyə qədər 49 məzar tapılıb.
Cinayət qurbanları genetik ekspertiza vasitəsilə identifikasiya ediləcək.
Meksikanın Milli Statistika İnstitutunun hesabatına görə, 2017-ci ildə Kolimada ölkə üzrə ən çox qətl hadisəsi (hər 100 min nəfərə 113 nəfər) baş verib.
Ancaq hazırkı tapıntı kriminal müharibənin qurbanlarının ən böyük qəbiristanlığı hesab edilmir. Çünki keçən ilin sentyabr ayında Verakruz ştatında basdırılmış 166 nəfərin qalıqları tapılmışdı.
2018-ci ilin mart ayında isə bu ştatda 14-25 yaşlı 240 gəncin qalıqları tapılmışdı.