BAKI, 13 fevral — Sputnik. Şamaxı rayonunun Quşçu kəndində palçıq vulkanı püskürüb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, vulkan gecə saat 2.00-da püskürüb.
Vulkanın səsi yaxınlıqda yaşayan insanları narahat edib, insanlar təşvişə düşüblər.
Məlumata görə, vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq, təxminən, 15-20 metr hündürlüyə qalxıb və iki hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.
Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.
Qeyd edək ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Şamaxıda zəlzələdən sonra vulkanların aktivləşə biləcəyini bildirmişdi.
O qeyd etmişdi ki, zəlzələ Qobustanda "Şıxzərli", Şamaxıda "Quşçu", "Dəmirçi", "Qızmeydan" vulkanlarında aktivləşmə yarada bilər.