Həbs sırası Sarqsyana çatdı

"Hökumət artıq reytinqinin düşdüyünü görür, yeni şou lazımdır"
Sputnik

BAKI, 13 fevral — Sputnik. "Ermənistanın sabiq Baş Qərargah rəisi Seyran Ohanyan istintaqa ifadəsində keçmiş prezident Serj Sarqsyanı satmayıb. Lakin bununla belə, sabiq prezident həbs oluna bilər".

Sputnik Ermənistan bu barədə "Qraparak" nəşrinə istinadən xəbər verir. Qəzetin məlumatına görə, Serj Sarqsyanın dindirilməsi zamanı onun Seyran Ohanyanla üzləşdirilməsi həyata keçirilib.

"Ohanyanın Sarqsyana qarşı ifadə verməsi həqiqəti əks etdirmir, bundan əlavə, biz Ohanyanın nə dediyini bilirik: "Sarqsyan mənim ali baş komandanım olub". Bir sözlə, Ohanyan özünü düzgün aparıb" - deyə Sarqsyana yaxın mənbə qəzetə bildirib.

Həmin mənbə qeyd edib ki, son nəticədə Sarqsyan həbs oluna bilər: "Çünki işlər buna doğru gedir. Həbs üçün heç bir əsas yoxdur. Sadəcə, hökumət artıq reytinqinin düşdüyünü görür, yeni şou lazımdır. Onu isə yalnız belə təmin etmək olar".

Ermənistanda qalmaqallı istefa gözlənilir - Yüksək post uğrunda mübarizə

Qeyd edək ki, 2008-ci ildə Serj Sarqsyan Ermənistan prezidenti seçilib. Levon Ter-Petrosyanın rəhbəri olduğu müxalifət seçkilərin nəticələrini qəbul etməyib. Uzun müddət davam edən aksiyalar 1-2 mart tarixlərində hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında toqquşmaların baş verməsi nəticələnib. Nəticədə 10 nəfər ölüb.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən ilin dekabrın 7-də yenidən həbs olunub.