Prezident İlham Əliyev: "2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır"

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir
Sputnik

BAKI, 13 fevral - Sputnik. "2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi".

İlham Əliyev Azərbaycan mətbuatını düşündürən əsas suala cavab verdi

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev REAL TV-yə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir: "İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Əgər biz o illəri xatırlasaq görərik ki, ən böyük siyasi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyyətə gələnə qədər Azərbaycanda senzura mövcud idi. Siz də o vaxt gənc jurnalist kimi bu senzura şəraitində fəaliyyət göstərirdiniz. Senzuranın ləğv edilməsi Heydər Əliyev tərəfindən aparılan çox ciddi islahat idi. Azərbaycana sərmayə qoyuluşunun, xarici sərmayə qoyuluşunun cəlb edilməsi işində çox böyük islahatlar aparıldı. “Əsrin müqaviləsi”, – o vaxt postsovet məkanında bunun tayı-bərabəri yox idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu islahatlar aparıldı. Torpaq islahatı, hansı ki, biz bu gün də onun qoyduğu yolla gedirik və Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla, heç bir başqa vergi vermirlər. Bilmirəm dünyanın hansı ölkəsində buna oxşar mənzərə var? İqtisadi islahatlar aparılmışdır.

2003-cü ildən islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirək və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edək. Əgər həmin illəri xatırlayırsınızsa, o vaxt biz infrastruktur baxımından çox geridə idik. Elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilirdi. Bu gün Azərbaycan nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu, böyük bir islahat idi. Digər infrastruktur layihələrinə gəlincə, misal üçün, biz artıq bir neçə ildir ki, 5 milyon insana pulsuz tibbi müayinə xidməti göstəririk. Bu, nəyə görə mümkün olub? Ona görə ki, son illərdə ölkəmizin hər bir yerində müasir xəstəxanalar, diaqnostika mərkəzləri yaradılıb. Yəni, bu imkan yaradılıb ki, biz indi ondan istifadə edək. İqtisadi sahədə aparılmış islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatlar bu yeni reallıqları ortaya qoydu.

Prezident ASC-yə 21 milyon manat ayırdı

Biz birinci dəfə Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir. Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq.

Ona görə 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.

Dövlət başçısı: "Bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var"

Yəni, bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır. Deyə bilərəm ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək. Siz bilirsiniz ki, bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. Biz nəyin hesabına buna nail ola bilmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır".