BAKI, 12 fevral - Sputnik. "Bəzən belə bir sual verilir ki, nə üçün prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var". Azərbaycan prezidenti İlham Əliyev REAL TV-yə verdiyi müsahibədə bu fikri səsləndirib.
"İstərdim ki, bu barədə öz fikrimi bildirim. Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox önəmli bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir çox hallarda əsassız ittihamlar irəli sürülür. Qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış bir ölkə kimi təqdim etməkdir. Ona görə də xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bütün bu bizə qarşı aparılan təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq. Azərbaycanı müasir güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu birinci səbəbdir".
İkinci səbəbdən danışan prezident deyib ki, ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatlarda bildirir: "Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilmiş toplantılarında görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər barədə çox aydın ifadələr ortaya qoyulur. Və beləliklə Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, harda biz uğurlara nail olmuşuq, harda isə hələ ki həll olunmamış problemlər var. Eyni zamanda görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müntəzəm olaraq müxtəlif mövzularla bağlı öz fikirlərimi bildirirəm, çatdırıram.
Bu məsələ ilə bağlı dediyim bu iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq eyni zamanda bu günkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam. Bundan sonra da belə olacaq".
Dövlət başçısı həmçinin Azərbaycan mətbuatına verdiyi önəmdən danışıb: "Mən Azərbaycan mediasına həmişə dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyanı sübutudur. Həmişə çalışmışam ki, öz işimlə medianın fəaliyyətinə dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün Azərbaycanın həyatında böyük rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad eləyirəm. Bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm. Dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq".