Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mühüm layihələrə imza atıb

Layihələr imzalandıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında fikir mübadiləsi aparılıb
Sputnik

BAKI, 13 fevral - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması”,  “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihələrinin imzalanması mərasimi olub.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə, BMT-nin İnkişaf Proqramının Proqram müşaviri Leyla Fathi, BMT Əhali Fondunun Proqram müşavirləri Bəhicə Əliyeva,  Nərminə Məlikova  və b. iştirak ediblər. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mühüm layihələrə imza atıb

S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq, əhalinin həssas qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlərin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb. Nazir bu sahədə beynəlxalq əməkdaşlıq müstəvisində birgə layihələrin icrasına da xüsusi önəm verildiyini deyib.

O bildirib ki, ötən ilin dekabr ayında nazirliklə BMT İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində dayanıqlı biznes qurmalarına töhfə vermək məqsədinə yönəlib.

S.Babayev vurğulayıb ki, hazırda imzalanan iki layihə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, mühüm sosial əhəmiyyət kəsb edir: “Belə ki, “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı  işlərə dəstək məqsədi daşıyır. 2500 nəfər əlilliyi olan şəxsi əhatə edəcək layihənin əsas komponentləri sırasında təlimlər vasitəsilə onların bacarıqlarının inkişafının və məşğulluqlarının, öz kiçik bizneslərini yaratmalarının dəstəklənməsi, əlilliyi olan şəxslərlə bağlı inklüzivliyin təşviq edilməsi də mühüm yer tutur. Bu sahədə aidiyyəti dövlət və hökumət qurumları, özəl sektora aid işəgötürənlər, KİV-lə  fəal əməkdaşlıq həyata keçiriləcək”.

 ““Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi bu prosesə uyğun olaraq, hökumətin yaşlıların rifah halının yaxşılaşdırılması istiqamətində səylərinə dəstək verəcək. Layihə 10 mindən çox şəxsi əhatə edəcək və layihə çərçivəsində bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyətlər (müvafiq sahədə siyasətin təkmilləşdirilməsi üçün daha keyfiyyətli məlumatların hazırlanması, yaşlanma məsələsinə dair ictimai məlumatlılığın artırılması, sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn pilot tədbirlər) həyata keçiriləcək” – deyə nazir bildirib.

Q.İsakzai BMT-nin İnkişaf Proqramının və Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığını ildən-ilə genişləndirdiyini vurğulayıb. O, imzalanan yeni layihələrin də  bu istiqamətdə mühüm addımlar olduğunu, həmin layihələrin sosial sahədə önəmli nəticələrin əldə olunmasında əhəmiyyətli rola malik olacağına əminliyini ifadə edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mühüm layihələrə imza atıb

Demoqrafik sahədə müsbət vəziyyətin mövcud olduğu Azərbaycanın müvafiq sahədə siyasətin hazırlanması və inkişaf etdirilməsində  BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığından da razılıqla bəhs edilib. Hazırda imzalanan layihələrin sosial müdafiəyə ehtiyac duyan şəxslərlə bağlı vacib fəaliyyət istiqamətlərini əhatə etdiyi diqqətə çatdırılıb.

Layihələr imzalandıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında əməkdaşlığın mövcud vəziyyətinə, yeni layihələr çərçivəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.