CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdə daha bir uğurlu əməliyyat icra olunub

Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər
Sputnik

BAKI, 12 fevral — Sputnik. Azərbaycan Tibb Universitetində 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.

Azərbaycanda xəstəyə süni ürək köçürüldü

ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, universitetin Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayev əməliyyatı icra edib. Onun sözlərinə görə, pasient şöbəyə müraciət etməmişdən öncə bir neçə mütəxəssislə görüşüb: "Həmin müəssisələrdə xəstəyə açıq üsulla əməliyyat təklif olunub. Lakin o əməliyyatın qapalı üsulla aparılmasını istədiyi üçün başqa həkimlərə də müraciət etməyi qərara alıb. Bizə müraciət edəndə əməliyyatın qapalı olmasının mümkünlüyünü bildirdik".

A.Ağayev bildirib ki, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilib: "Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar. Bununla yanaşı, şiş təhlükəli sahədə - damar və sinirlərin üzərində yerləşirdi. Ona görə də hər an qanama təhlükəsi var idi. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Sözügedən cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı".