HADİSƏ

Onu tanıyanlar mütləq xəbər versinlər – FOTO

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun axtarışda olduğu müəyyən edilib
Sputnik

BAKI, 11 fevral — Sputnik. Nərimanovda soyğunçuluq və oğurluqlar edən Tərtər rayon sakini şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nərimanov rayonunda paytaxt sakini Şahin Mikayılova zor tətbiq edilərək mobil telefonu və 183 manat pulu əlindən alınıb. Zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Onu tanıyanlar mütləq xəbər versinlər – FOTO

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonu ərazisində də oğurluq etdiyinə görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib. Həmçinin A.Məmmədovun Nərimananov rayonunda daha bir mobil telefonunu dələduzluq yolu ilə ələ keçirdiyi də məlum olub.

Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov RPİ-nə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-cı Polis Şöbəsinə müraciət edə bilərlər.