CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pediatr xəbərdarlıq etdi: “Uşaqlara işgəncə verirlər”

"Belə bir şey mümkün deyil. Nəinki Azərbaycanda, heç dünyada belə bir təcrübə yoxdur"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 9 fevral — Sputnik. Son günlər ölkəmizdə özəl klinikalarda əsas gəlir mənbələrindən biri də qurdtəmizləmə aparatlarıdır. Lakin bir çox mütəxəssislərin sözlərinə görə, bu aparatlar sadəcə olaraq biznes, gəlir mənbəyidir. Əslində isə belə aparatlar qurdları təmizləmir.

Pediatr xəbərdarlıq etdi: “Uşaqlara işgəncə verirlər”

Sputnik Azərbaycan-a danışan pediatr Gunay Rəsulova da belə deyir: "Deyirlər ki, guya, bu aparatlar uşaqların bağırsaqlarından qurdları çəkib çıxardır. Belə bir şey mümkün deyil. Nəinki Azərbaycanda, heç dünyada belə bir təcrübə yoxdur. Yalnız inkişaf etməmiş ölkələrdə insanları aldadaraq biznes və gəlirin əldə edilməsi üçün bu üsullar tətbiq edilə bilər. Məqsəd isə uşaqlar üzərindən gəlir əldə etməkdir. Bir sözlə, qurd təmizləmə aparatları uşaqlara qarşı cinayət və işgəncədir. Çünki bu prosedur uşaqlar üçün böyük stressdir".

"Biz çalışırıq ki, beynəlxalq praktikalara əsaslanaraq körpələri müayinə və müalicə edək. Qurdlardan müalicə protokolunda qeyd etdiyimiz bu üsullar yer almayıb" – deyə həkim əlavə edib.

G.Rəsulovanın sözlərinə görə, yersiz bağırsaqyuma prosesi, imalə etmə də uşaqlarda stressə səbəb olur: "Bu üsulların heç birinin tibbi əsası yoxdur. Çünki qurd tökülsə belə, onun yumurta və süfrələri orada qalacaq. Ən effektiv müalicə üsulu isə dərman preparatlarıdır. Əslində qurdu bir dərman preparatı ilə də müalicə etmək olar. 3-5 günlük kurslarla da qurdu müalicə etmək mümkündür".