BAKI, 8 fevral — Sputnik. "102 - Zəng Mərkəzi" Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək, 3000 manat pulunu aparmaları müəyyən edilib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb. İstintaq aparılır.