FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İstanbul kimi ol, de ki, "boğazım quruyana qədər sevəcəyəm səni..."

Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Yenə yolum İstanbuldan düşmüşdü - sevənlər, sevgililər, sevgilər şəhərindən. Hər dəfə İstanbula gələndə qəribə bir hiss yaranır məndə, sanki ikinci doğma evimdəyəm. Küçələri, gəzməli yerləri və insanları ilə o qədər doğma gəlir ki... Dənizi, gəmiləri, qağayıları, smitçiləri, şabalıd satanları, dilənçiləri ilə belə, doğmadır bu şəhər mənə.

İstanbula gəldiyiniz zaman mütləq Qalata qalasını, Süleymaniyə və Fatih məscidlərini, Ədirnə qapısını və digər görməli yerləri gəzməlisiniz. Mən də hər səfərimdə bacardığım qədər İstanbulu "fəth" etməyə çalışıram. Bunu nə qədər bacardığımı isə deyə bilmərəm.

Səfərimin ilk günü yolumu Süleymaniyyə məscidindən saldım. Qanuni Sultan Süleyman və Hürrəm Sultanın yaşadığı və dəfn edildiyi bu ərazini gəzdikcə əsl sevgiyə bir daha şahid olursan. Sultan Süleymanın və Hürrəm Sultanın dəfn edildiyi türbələr belə, bir-birini görəcək qədər yaxındır.

Süleymaniyyə məscidi

Süleymaniyyə məscidi 1551-ci ildə Memar Sinanın rəhbərliyi ilə tikilməyə başlayıb və 1557-ci ildə tikintisi başa çatıb. Əslində, məscid mədrəsələr, xəzinə, xəstəxana, hamam, kitabxana, imarət və dükanlarla birlikdə Süleymaniyyə mülkiyyətinə aiddir.

Memar Sinan məscidi inşa edən zaman onun üçün "qiyamətə qədər sökülməyəcək" deyə rəy bildirib. Həqiqətən də aradan 500 ilə yaxın zaman keçsə də, zəlzələlər baş versə də, məscidə heç bir zərər dəyməyib.

Baş usta məscidin içərisində 65 kub ilə qübbəni əhatə edən inanılmaz bir akustika yaradıb. Mikrofon kimi texnoloji qurğular olmadan məsciddə xütbələr oxunmasını, camaat namazı zamanı imamın səsinin rahat eşidilməsini mümkün edə bilib.

Məscidin işıqlandırılması üçün istifadə edilən şamların hisinin məscidə zərər verməməsi üçün memar xüsusi his otağı yaradıb. Və məsciddəki bütün hisi bu otağa toplaya bilib. Yığılan his isə mürəkkəb kimi istifadə edilirmiş. Deyilənə görə, mürəkkəb o qədər xüsusi olub ki, onu silmək mümkün deyilmiş. Məscidin daxili ölçüləri də əbcəd hesabı ilə hesablanıb.

Qanuni Sultan Süleyman Süleymaniyyə məscidindəki türbədə dəfn edilib. Həmçinin, məsciddə Hürrəm Sultanın və Memar Sinanın məzarları yerləşir.

Süleymaniyyə məscidi İstanbulun Fateh bölgəsində yerləşir və bura gəlmək üçün tramvayla Laləli dayanacağına getməlisiniz. Məscidi gəzdikcə özünüzü Sultan Süleymanın dövründə hiss edəcəksiniz. Fərqli məzar daşları, fərqli binalar sizi o illərə aparacaq.

Qalata qalası

İstanbula gəldiyiniz zaman Qalata qalası da Süleymaniyyə məscidi kimi gəzə biləcəyiniz ən maraqlı yerlərdəndir. İstanbul deyildiyi zaman çoxlarının ağlına ilk olaraq elə Qalata qalası gəlir. Bura dünyanın ən qədim qalalarından hesab edilir.

Qalanın hündürlüyü 69,90 metr, divarlarının qalınlığı 3,75 metr, daxili 8,95 metr, xarici ölçüsü isə 16,45 metrdir. Qalanın adı ilə bağlı müxtəlif iddialar var. Deyilənə görə, əvvəllər belə bir əfsanə varmış ki, kim ilk dəfə qalaya sevdiyi şəxslə çıxarsa, mütləq onunla evlənəcəkmiş.

Qalata qalası 528-ci ildə Bizans imperatoru Anastasius Oilosuz tərəfindən inşa edilib. O dövrlərdə qala mayak kimi istifadə edilirmiş. Sonradan baş verən yanğın zamanı qala, tamamilə yarasız hala düşüb. 1348-ci ildə isə qala yenidən inşa edilib.

Qalanın günümüzə gəlib çatan vəziyyəti Sultan II Mahmudun dövrünə təsadüf edir. Qalata qalası ilə bağlı tarixdə müxtəlif hadisələr qeydə alınıb.

Ətrafında hər zaman çox adam olan qala 1967-ci ildə ziyarətçilərin istifadəsinə verilib. Qalanın 9-cu mərtəbəsində Türkiyə və Osmanlı mətbəxinə aid restoran var. Ancaq restoran daim müştəri ilə dolu olduğuna görə şam etmək üçün mütləq əvvəlcədən rezervasiya etdirmək lazımdır.

Qala hər gün saat 09.00-dan 19.00-a kimi işləyir. Qalanın restoranı isə saat 20.00-dən sonra xidmət göstərir.

Qalata qalası Karaköyün üst hissəsində yerləşir. Qalanın olduğu əraziyə İstiqlal küçəsindən getmək çox rahatdır. Bu ərazilərdə hədiyyə və suvenir satılan mağazalar çoxdur. İstanbula yolunuz düşərsə, mütləq bu qalanı da ziyarət etməyiniz məsləhətdir.

(ardı var)

1 / 17
Süleymaniyə məsçidində yerləşən türbədə Sultan Süleymanın məzarı
2 / 17
Süleymaniyə məsçidində yerləşən türbədə Qanuni Sultan Süleyman və övladlarının məzarları
3 / 17
Hürrəm Sultanın dəf olunduğu türbə
4 / 17
İstanbulun ümumi görüntüsü
5 / 17
İradə Cəlil
6 / 17
Süleymaniyə məsçidinin ərazisində yerləşən digər türbələr
7 / 17
Süleymaniyə məsçidi
8 / 17
Süleymaniyə məsçidindən İstanbulun görüntüsü
9 / 17
Süleymaniyə məsçidinin ərazisində olan məzarlar
10 / 17
Süleymaniyə məsçidinin ərazisində olan məzarlar
11 / 17
Süleymaniyə məsçidinin ərazisində olan məzarlar
12 / 17
Süleymaniyə məsçidinin ərazisində olan məzarlar
13 / 17
Süleymaniyə məsçidində yerləşən türbədə Hürrəm Sultanın və Şəhzadə Mehmedin məzarı
14 / 17
Süleymaniyə məsçidində yerləşən türbədə Hürrəm Sultanın məzarı
15 / 17
Süleymaniyə məsçidində yerləşən türbədə Qanuni Sultan Süleyman və övladlarının məzarları
16 / 17
Süleymaniyə məsçidinin ərazisində olan məzarlar
17 / 17
Qalata qalası