BAKI, 7 fevral — Sputnik. "Fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb".
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.
O da bildirilib ki, hazırda AAYDA əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.