CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident zəlzələ bölgəsinə vəsait ayırdı

Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb
Sputnik

BAKI, 7 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. 

Zəlzələ zamanı yollarda çatlar yaranıb

Sputnik Azərbaycan-ın məlumatına görə, 2019-cu il fevralın 5-də episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.

Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində hazırda zəruri tədbirlər görülür.

Sərəncamda qeyd edilir ki, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.