CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdə hər 10 nəfərdən 3-nə bir avtomobil düşür

Ramil Osmanlı: "Məhdudiyyətlərin qoyulması ölkəmizdə avtomobil parkının yenilənməsinin qarşısını almış olacaq"
Sputnik

BAKI, 7 fevral — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanın avtomobil bazarında son vəziyyətlə bağlı müzakirə təşkil olunub. "Əmlak" Ekspert Mərkəzinin rəhbəri Ramin Osmanlı bildirib ki, öncələr hər il ölkəyə 100 minədək minik avtomobili gətirilirdisə, ötən il bu rəqəm 30 mindən az olub.

Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb

"Müəyyən məhdudiyyətlərin qoyulması ölkəmizdə avtomobil parkının yenilənməsinin qarşısını almış olacaq. Bu səbəbdən düşünürəm ki, həmin məhdudiyyətlərin aradan qaldırılmasına ehtiyac var. Düzdür, bu məhdudiyyətlərin qoyulmasının bir səbəbi də ekoloji təzimliyə nail olmaq məqsədi daşıyır. Lakin hazırda sovet dövrünün istehsalı olan avtomobillərin istismarda saxlanılması heç də ekologiyamız üçün uyğun hesab edilmir" - deyə ekspert bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda istismarda olan avtomobillərin 40 faizindən çoxu sovet dövrü istehsalıdır: "Onların əksəriyyətinin istehsal tarixi isə ötən əsrin 80-ci illərindən 2000-ci ilədəkdir".

R.Osmanlı respublika üzrə avtomobil parkının 70 faizinin Bakıda cəmləşdiyini qeyd edib. O bildirib ki, Bakıdan fərqli olaraq bölgələrdəki avtomobillərin isə 80 faizi sovet dövrü istehsalıdır.

Hazırda Azərbaycanda 1 milyon 400 min minik avtomobilinin istismarda olduğunu söyləyən ekspert, ölkəmizdə hər 10 nəfərdən 3-nə bir avtomobil düşdüyünü bildirib.

R.Osmanlı yerli istehsal haqda da danışıb: ""Xəzər Lada" adlı şirkətin istehsalı ilə tanış oldum. İstehsal olunan məhsullar görünüşcə çox qaneedicidir. Bu şirkətin qiymət siyasəti də normaldır".

"Lakin burada bir məsələ var: həmin avtomobillərin istehsalı üçün 95 faiz avadanlıq, hissələr xaricdən gətirilir. 95 faiz avtomobil hissəsinin xaricdən gətirilməsi isə yerli istehsal deyil. Sadəcə olaraq belə bir zavodun olması əlavə iş yerlərinin açılmasına səbəb oldu. Daha çox iş yerlərinin açılması və yerli istehsal üçün düşünürəm ki, avtomobil hissələrinin istehsalına diqqət yetirilməsi önəmlidir" – deyə ekspert vurğulayıb.