BAKI, 7 fevral — Sputnik. Martın 14-15-də Bakıda "Argus Mineral Gübrələr 2019" adlı tədbir keçiriləcək. Spuutnik Azərbaycan-a "SOCAR"dan verilən məlumata görə, "Argus Mineral Gübrələr 2019" adlı tədbir çərçivəsində SOCAR Carbamide zavodunun perspektivləri, Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı müzakirə ediləcək.
Xəzər regionu gübrə istehsalçılarının ixrac tədarüklərinin əsas istiqamətləri, yeni yük boşaltma və yükləmə potensialına tələbat, Azərbaycanın kənd təsərrüfatı və digər mövzularda da müzakirələr təşkil olunacaq.
"Gürcüstan limanları istiqamətində karbamid və digər növ gübrələrin daşınması üzrə nəzərdə tutulan artım Xəzər-Qara dəniz regionunun nəqliyyat və logistika infrastrukturuna yeni çağırışlar yaradır. Sumqayıtda SOCAR Karbamid zavodunun işə salınması Azərbaycanın karbamidə olan tələbatını ödəyəcək və istehsalçıya Türkiyə, Ukrayna və Şərqi Avropa ölkələrinin bu məhsul üzrə əsas tədarükçülərindən biri olmağa imkan verəcək" – deyə verilən məlumatda bildirilib.
Qeyd edək ki, konfrans Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan mineral gübrə istehsalçılarını, beynəlxalq ticarət şirkətlərini, Türkiyə, Ukrayna və Şərqi Avropadan nümayəndələrini bir araya gətirəcək.
Tədbir çərçivəsində SOCAR Karbamid zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək.