SƏHİYYƏ

Səhiyyə Nazirliyi: Zəlzələ ilə bağlı xəstəxanada təşviş yaranmayıb

"Bütün xəstəxanaların tikintisi ən bədbəxt hadisələrə hesablanır"
Sputnik

BAKI, 6 fevral — Sputnik. "Ötən gün Şamaxı rayonunda doğumla bağlı xəstəxanalara müraciət daxil olmayıb. Xəstəxanalarda olan yeni doğulmuşlar və analar üçün heç bir təhlükə olmayıb".

Zəlzələ qaz xətlərini sıradan çıxarıb, təbii qazın verilişi dayandırılıb

Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, zəlzələ ilə bağlı xəstəxanada təşviş yaranmayıb.

"Çünki bütün xəstəxanaların tikintisi ən bədbəxt hadisələrə hesablanır. Zəlzələdən zərər çəkənlər isə terapiya, reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib" – deyə verilən məlumatda qeyd olunub.

Nazirliyin məlumatına görə, ən çətin şəraitdə belə, xəstəxanalar tam iş rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, ötən gün 23:37 radələrində Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.