HADİSƏ

Şamaxı zəlzələsi Bakıda tikinti qaydalarını yenidən gözdən keçirmək zərurəti yaradıb

"Elə kompleks binalar var ki, bir qanadı 8 bal, digər qanadları isə 9 bala nəzərdə tutulub"
Sputnik

BAKI, 6 fevral — Sputnik. "Bakıda tikinti aparılan hər bir binaya görə seysmoloji vəziyyət öyrənilməlidir. Bu mütləqdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktor müavini Qurban Yetirmişli, ötən gün Şamaxıda baş vermiş zəlzələyə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, şimal-qərb bölgəsindəki zəlzələ Bakının bir sıra ərazilərində də hiss olunub.

Səhiyyə Nazirliyi: Zəlzələ ilə bağlı xəstəxanada təşviş yaranmayıb

"Bakının geoloji qruluşu mürəkkəbdir. Elə kompleks binalar var ki, bir qanadı 8 bal, digər qanadları isə 9 bala uyğun nəzərdə tutulub. Bu, geoloji quruluşun mürəkkəbliyi, layların yatımlığı, yerin sululuğu və hansı bucaq altında olmasından asılıdır. Qurunt sularının tərkibinin də bu məsələyə təsiri var" - deyə qurum rəsmisi bildirib.

Şamaxı zəlzələsi Bakıda tikinti qaydalarını yenidən gözdən keçirmək zərurəti yaradıb

6 ballıq zəlzələnin orta güclü olduğunu deyən RSXM-in rəsmisi qeyd edib ki, ötən gün baş verən zəlzələ ilə böyük enerji boşalması baş verdiyindən, 6 baldan yüksək zəlzələnin olacağı gözlənilmir: "Ötən gün bir neçə şəxs xəstəxanaya müraciət edib. Onlar məlumatsızlıqdan qaçıb və zəlzələ baş verərkən düzgün mövqe seçməyiblər. Bu da əhalinin zəlzələ mövzusunda bilgisiz olmasından irəli gəlir. Bu səbəbdən maarifləndirmə işləri aparır, müəyyən kitabçalar hazırlayırıq".

"Bu günədək hər bir binanın tikintisi zamanı ekspertiza aparılıb. Layihələndirmə zamanı da sesysmik dayanıqlılıq öyrənilir" – deyə Q.Yetirmişli əlavə edib.

Qeyd edək ki, ötən gün baş verən zəlzələ Bakının Xətai, Nəsimi və Yasamal rayonunda digərləri ilə müqayisədə daha çox hiss olunub.

Xatırladaq ki, ötən gün Şamaxıda 130 avtoşok qeydə alınıb. Dünən gecə saat 23.20 radələrində baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunun yaşayış evlərinə, eləcə də bir sıra qeyri-yaşayış obyektlərinə külli miqdarda ziyan dəyib. Yerli sakinlərin bir çoxu yeraltı təkanların təkrarlanacağından qorxaraq gecəni küçədə keçirib.