Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı qəbul olunan qərarlarla bağlı yazılı açıqlama verib. Açıqlamada Aİ-nin İranın nüvə müqaviləsinə dəstəyinin davam etdiyi bildirilir. Habelə, Tehran rəhbərliyinin müqavilənin öhdəliklərini yerinə yetirdiyi, ABŞ-ın müqavilədən çıxmasından üzüntü duyulduğu qeyd edilib.
Bununla yanaşı, Aİ Şurası İranın Livan və Suriya kimi ölkələrdə silahlı birləşmələrə verdiyi hərbi, maliyyə və siyasi dəstəkdən narahatlığını ifadə edib. Vurğulanıb ki, Aİ Şurası İranın ballistik raket fəaliyyətlərindən dərin narahatlıq hissi keçirir. Və İrana bu məsələdə BMT Təhlükəsizlik Şurasının qərarlarına tabe olmaq çağırışı edilib.
Açıqlamada Aİ-nin İranın bəzi üzv ölkələrdəki düşmən fəaliyyətindən də narahatlıq duyulduğu qeyd edilib.
Ehtimal etmək olar ki, Vaşinqton yaxın zamanlarda İrana qarşı siyasətini daha da sərtləşdirəcək. Mümkün variantlardan biri odur ki, Tehranla əməkdaşlıq edən şirkətlər və ölkələr ABŞ tərəfindən cavab tədbirləri ilə üzləşəcək. ABŞ Avropa, Yaponiya, Cənubi Koreya və Hindistan da daxil olmaqla, İranla işgüzar münasibət saxlayan tərəfdaşlarına qarşı da təzyiqlər etməyi düşünür.
ABŞ-ın İranla imzalanan sazişdən çıxması və yeni şərtlər irəli sürməsi Avropa İttifaqı və Rusiyanın qlobal geosiyasi proseslərdə rollarının hansı istiqamətdə dəyişə biləcəyi ilə bağlı suallar meydana çıxarıb. Aİ-nin son açıqlaması da bunu deməyə əsas verir.
Analitiklər bununla bağlı proqnozlarını irəli sürürlər. Ekspertlərin Aİ – İran münasibətlərində dəyişiklik gözləntisi var. Yəni Vaşinqtonun atdığı addımlar bütövlükdə qlobal siyasətin strukturunda və qüvvələr nisbətində dəyişiklik edə bilər. Lakin Aİ ölkələrinin bu məsələdə maraqları Birləşmiş Ştatların maraqları ilə toqquşur. Maraqlıdır ki, Aİ-nin siyasətindəki dəyişikliklər ABŞ-ın xeyrinə olmaya bilər. Xüsusilə ekspertlər ABŞ-Aİ-Rusiya "üçbucağı"nda gözlənilən geosiyasi yenilikləri məhz bu müstəvidə qiymətləndirirlər.
Rusiyalı ekspertlər ümid edirlər ki, Rusiya ilə Aİ arasında gərginliyin aradan qaldırılması mümkündür. Özü də birbaşa Vaşinqtonun İranla bağlı yeritdiyi siyasətin fonunda bunun baş verməsi üçün şərtlər meydana gəlib. Onlar hansılardır? Hər şeydən öncə, belə düşünülür ki, Amerikanın tətbiq etdiyi sanksiyalar avropalı şirkətlərə ciddi maliyyə zərəri verir. Məsələn, ABŞ-ın Avropaya göndərilən polad və alüminiuma qoyduğu yeni rüsumlarla yanaşı, Rusiyanın "Rusal" şirkətinə qarşı tətbiq edilən sanksiyalardan Avropa şirkətləri milyardlarla ziyana düşürlər.
Bu prosesin qarşısını almaq üçün Avropanın böyük dövlətləri artıq hərəkətə keçiblər. Açıq deyilməsə də, görünür, siyasi liderlərə iş adamları təzyiq edirlər. Onlar öz maraqlarının təmin olunmasını və siyasətə qurban getmək istəmədiklərini bildirirlər. Buna görədir ki, Fransa və Almaniya rəhbərləri bir-birinin ardınca Rusiyaya danışıqlara gəliblər. Onların əsas müzakirə mövzusu əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı olub.
Digər tərəfdən, İrana qarşı sanksiyaların gücləndirilməsini Rusiya-Aİ arasında yeni müzakirələrin aparılması vacib edir. Lakin Vaşinqton bu danışıqlara məhəl belə qoymur. Problem ondan ibarətdir ki, Brüssel bir sıra geosiyasi istiqamətlərdə Rusiyanın hərəkətlərini qəbul etməyəcəyini də vurğulayır. Deməli, faktiki olaraq Aİ-Rusiya münasibətləri iki ziddiyyətli faktorun arasında qalıb. Bir tərəfdən, ABŞ-ın təzyiqləri əsasında onların yaxınlaşması zərurəti yaranıb, digər tərəfdən isə Ukrayna məsələsinə görə aralarındakı mövqe uyğunsuzluğu öz aktuallığını saxlayır. Bu vəziyyətdən necə çıxmaq olar? Bunlardan belə qənaət alınır ki, Vaşinqton İrana qarşı sərt davransa da və bunun qlobal geosiyasətdəki qüvvələr nisbətinə təsiri olsa da, hələlik hansısa kardinal dəyişiklik üçün zəmin formalaşmayıb. İndiki mərhələdə Aİ-Rusiya münasibətlərində hansısa müsbət işartılar özünü göstərə bilər, ancaq onların real fəaliyyətdə öz əksini tapması təsdiqlənmir. Tərəflər manevrlərini davam etdirirlər. Məhz belə manevrlərdən biri də Rusiya-Aİ-İran əməkdaşlığı ola bilər...