Fransız şirkəti Azərbaycanda mühüm layihə həyata keçirəcək

Energetika Nazirliyi ilə Fransız şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Sputnik

BAKI, 6 fevral — Sputnik. Energetika Nazirliyi və Fransanın "Total Eren" şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu (AM) imzalanıb. 

Sputnik Azərbaycan-a nazirlikdən verilən məlumata görə, sənədi energetika nazirinin müavini Elnur Soltanov və "Total Eren" şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb. 

Energetika Nazirliyi və "Azərenerji" birgə məlumat yaydı

Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.

Energetika nazirinin müavini Elnur Soltanov "Total" şirkəti ilə həyata keçirilən layihələrdən bəhs edib və bu təcrübənin bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıqla daha da zənginləşəcəyini söyləyib.

"Total" şirkətinin ölkə üzrə direktoru Denis Lemarşal Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, "Total Eren" bərpa olunan enerji layihələrinin, xüsusən külək və fotovoltaik elektrik stansiyalarının inkişafı, maliyyələşdirilməsi və istismarı üzrə ixtisaslaşıb.

Anlaşma Memorandumu şirkətin Azərbaycanda yaşıl enerjinin inkişafı sahəsində maraqlarını reallaşdırmağa imkan yaradacaq.