BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabinetinin (NK) 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində" dəyişikliklər edilib. Sputnik Azərbaycan NK-ya istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər gömrük rüsumlarından azad edilib, məxsusi olaraq hava limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən avtomobillər üçün mühərrikin 1 sm3 -0,5 ABŞ dolları, sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar üçün mühərrikin həcmi - 1 sm3 1,2 ABŞ dolları məbləğində təsdiq edilib.
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, qərara edilən dəyişikliklərdə avtobuslar və digər iri tutumlu nəqliyyat vasitələri üçün rüsumlar müəyyənləşdirilib: "Həmin rüsumlar əvvəllər olmayıb, bu ildən tətbiq ediləcək. Düzdür, bu, müəyyən narazılıqların yaranmasına səbəb oldu. Çünki Azərbaycanda avtobus, təcili yardım, aeraportlarda istifadə edilmək üçün nəqliyyat vasitəsi istehsalı yoxdur. Buna baxmayaraq, indi həmin nəqliyyat vasitələri üçün müəyyən rüsumlar tətbiq edilir".
"Bu da sahibkarlıq fəaliyyəti və ictimai nəqliyyat sektoruna öz təsirini göstərək. Neçə illərdir deyilir ki, köhnə avtobuslar yenilənsin. İnsanlar yeni həvəsə düşmüşdü ki, təzə avtobuslar gətirib, vətəndaşlara xidmət edə bilsinlər. Rüsumlar qaldırıldığı üçün bu proses ləng gedəcək" - deyə o qeyd edib.