HADİSƏ

Masallıda ata, ana və oğul dəm qazından boğuldular

"Evə gələn qohumlar qonşuların köməkliyi ilə evə balkondan daxil olublar və..."
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Masallı rayonunun Boradigah qəsəbəsində bir ailə dəm qazının qurbanı olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə əsasən, hadisə Nurullayevlər ailəsinin Boradigah qəsəbəsində yerləşən evlərində baş verib.

Belə ki, Bakı şəhərində yaşayan 1964-cü il təvəllüdlü Hənifə Nurullayev, həyat yoldaşı, 1974-cü il təvəllüdlü Elnurə Zülfüqarova və övladları, 1999-cu il təvəllüdlü Əli Nurullayev kənddə olan evlərinə gəliblər. Uzun müddət evdə yaşamadıqları üçün evi isitməkdən ötrü yolüstü İran İslam Respublikasının istehsalı olan qaz sobası alıblar. Evə çatan kimi dərhal sobanı quraşdırıblar və tüstü borusunu bacaya qoşublar. Ardınca isə sobanı yandırıb yatıblar. Evin tüstü bacasında quş yuva qurduğundan sobadan çıxan dəm qazı tüstü bacasından çıxmayaraq evə dolub. Nəticədə ailə boğulub.

Ötən gün isə onların kəndə gəlişindən xəbər tutan qohumları günorta saatlarında narahat olaraq onların mobil telefonlarına zəng ediblər. Hər üç şəxsin telefona cavab vermədiyini gördükdə evə gələrək qonşuların köməkliyi ilə eyvandan evə daxil olublar. Daxil olduqda isə artıq Hənifə Nurullayev və Elnurə Zülfüqarovanın dünyalarının dəyişdiklərini, Əli Nurullayevin isə vəziyyətinin ağır olduğunu aşkar ediblər. Dərhal qohumlar Ə. Nurullayevi Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən hazırda 20 yaşlı gəncin vəziyyəti orta-ağırdır.