HADİSƏ

Bütöv rayonun telefon əlaqəsini kəsənlər saxlanılıb

Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir
Sputnik

BAKI, 5 fevral — Sputnik. Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar.

Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.