QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan xarici işlər naziri parlamentə çağırıldı – Qarabağa görə

"Aydınlaşan Ermənistan" fraksiyasından olan deputatlar naziri parlamentə çağırdı
Sputnik

BAKI, 4 fevral — Sputnik. "Aydınlaşan Ermənistan" fraksiyasından olan deputatlar Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında vəziyyətin inkişafını müzakirə etmək üçün xarici işlər naziri Zöhrab Mnatsakanyanı parlamentə çağırıb. Sputnik Ermənistan xəbər verir ki, bunu fraksiyanın lideri Edmon Marukyan öz "Facebook" səhifəsində yazıb.

"Bu gün biz Qarabağ nizamlanması ilə bağlı son hadisələri və xarici siyasətin prioritetlərini müzakirə etmək üçün XİN rəhbəri Zöhrab Mnatsakanyanı "Aydınlaşan Ermənistan" fraksiyasının üzvləri ilə görüşə dəvət etmişik. Təfərrüatları və təəssüratları görüşdən sonra təqdim edəcəyik", - deyə deputat yazıb.

Qeyd edək ki, yanvarın 16-da Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş olub. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.