SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərməlidir"

“Azərbaycan inkişaf etdikcə, islahatlar dərinləşdikcə, ölkəmizə qarşı hücumlar da genişlənir”
Sputnik

BAKI, 1 fevral - Sputnik. “Avropa institutları tərəfindən Azərbaycana qarşı vaxtaşırı ikili münasibət göstərilir. Avropa Parlamentinin bir müddət bundan əvvəl Azərbaycana qarşı ikili standart tətbiq etməsi bunu deməyə əsas verir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Nədənsə insan haqları ilə bağlı Avropa təsisatları Ermənistanda baş verənlərə münasibət bildirmir, susur, lakin Azərbaycanda baş verən ən xırda məsələni şişirdərək tirajlamağa çalışır”, - deyə millət vəkili bildirib.

Ermənistanda həm siyasi, həm də jurnalist fəaliyyəti ilə məşğul olan şəxsin həbsxanada ölməsi faktına toxunan deputat söyləyib ki, Avropa Parlamenti bununla bağlı mövqe ortaya qoymaq istəməyib: “Necə olur ki, Rusiyaya qarşı Krımla bağlı bütün Qərb ayağa qalxır, sanksiya tətbiq edilir. Bu azmış kimi, sanksiyalar getdikcə daha da sərtləşdirilir. Amma Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı heç bir addım da atılmır”.

Ağamalı bildirib ki, Milli Məclis Mehman Hüseynovu əlində bayraq edərək Azərbaycan qarşı “qətnamə” qəbul edən Avropa Parlamentinə baş verənlərlə bağlı etiraz məktubu göndərilməlidir: “Azərbaycan inkişaf etdikcə, islahatlar dərinləşdikcə, ölkəmizə qarşı hücumlar da genişlənir”.