İQTİSADİYYAT

Azərbaycan Avropa üçün yeni nəqliyyat dəhlizi yaradır

Nazir müavini qeyd edib ki, Azərbaycan Avropa və Asiyanı birləşdirən bir neçə nəqliyyat-logistika dəhlizlərinin təşkilatçısı və iştirakçısıdır
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. "Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Azrbaycan Diplomatiya Akademiyasında Avropa İttifaqında sədrliyin Rumıniyaya keçməsinə dair keçirilən beynəlxlaq konfransda çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Ötən il gündəliyimizin müəyyənləşdirilməsi baxımından olduqca səmərəli olub. Bugünkü əməkdaşlıq üçün ən önəmli məsələ tərəflər arasında yeni sazişin imzalanmasıdır", - deyə nazir müavini qeyd edib.

O vurğulayıb ki, enerji və nəqliyyat dəhlizləri Avropa İttifaqı ilə əməkdaşlığımızın əsasını təşkil edir: "Bu gün Avropa İttifaqının enerji təhlükəsizliyi üçün olduqca önəmli olan Cənub Qaz Dəhlizi layihəsi reallaşdırılır. Bu layihə dünyada olduqca strateji əhəmiyyətə malikdir və dünyanın enerji xəritəsini dəyişəcək. Ümid edirik ki, "Şahdəniz" yatağından çıxan qaz 2020-ci ildə son məntəqəyə - İtaliyaya çatacaq".

Nazir müavini, həmçinin qeyd edib ki, Azərbaycan Avropa və Asiyanı birləşdirən bir neçə nəqliyyat-logistika dəhlizlərinin təşkilatçısı və iştirakçısıdır.

Qeyd edək ki, Qara dəniz və Xəzər dənizini birləşdirən nəqliyyat marşrutu ilə bağlı Buxarestdə mart ayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü keçiriləcək.