Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiya Milli Antinarkotik Birliyində (MAB) mini konsert proqramı ilə çıxış edib. Artist burada narkomaniya və alkoqolizmdən əziyyət çəkən insanlarla ünsiyyət qurub.
Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni bu görüşlə bağlı videoçarxı "Instagram" sosial şəbəkəsində paylaşıb: "İşdən sonra bu qışın əsas tədbirlərindən birinə - MAB Beynəlxalq antinarkotik düşərgəsindəki konsertə getməli oldum. Mən Nikita Luşnikovun rəhbərliyi ilə bütün ölkə üzrə çox ciddi bir problemlə məşğul olan və ən əsası, bu problemin öhdəsindən əla gələn uşaqlarla tanış olmuşam".
"Mən, tamamilə normal həyata qayıtmağı bacaran 700 qəhrəmanla görüşmüşəm. Onların bir çoxu hazırda analoji asılılıq problemindən əziyyət çəkən digər insanlara kömək edir" - Ağalarov bildirib.
Qeyd edək ki, Milli Antinarkotik Birliyi narkomaniya və alkoqolizmdən müalicə edən reabilitasiya mərkəzlərini birləşdirir. Onların məqsədi bu bəlaya mübtəla olan hər kəsin asılılığını aradan qaldırmaqdır.
Emin Ağalarov "World Music Awards", "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" kimi aparıcı şirkətlərlə müqavilə də var. Ağalarov, həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.