Dəmir yolunda hərəkət cədvəli və gediş haqlarının məbləği dəyişəcək

Standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək.
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında mühüm dəyişikliklər edilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verilib.

Bakı-Sumqayıt qatarında qiymətlər qalxır - CƏDVƏL

O bildirib ki, 2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürəli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. Qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.

Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 8.45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17.00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.

Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq.

Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.